Birinci sinifə gedəcək uşaqların valideynlərinin nəzərinə
2020-2021-ci təhsil ilində bütün ümumtəhsil məktəblərinin birinci siniflərinə elektron formatda qəbul aparılacaq.
Sabah.az “Report”a istinadən xəbər verir ki, elektron qeydiyyat bu il martın 10-dan başlayır.
Belə ki, hazırlıq qruplarına elektron qeydiyyatdan keçərək Azərbaycan bölmələrinin məktəbəqədərki qruplarında təhsil alan uşaqlar avtomatik şəkildə birinci siniflərə salınacaqlar. Bu uşaqların valideynləri və ya qanuni nümayəndələri martın 10-dan etibarən şəxsi elektron kabinetlərindən (mektebeqebul.edu.az) ərizə blankını çap etdirib övladlarının hazırlıq gördükləri məktəbə təqdim etməlidirlər.
“Ümumi təhsil haqqında” qanuna görə tədrisin qeyri dildə aparıldığı bölmələrin birinci sinfinə qəbul olunan uşaqlar həmin dildə nitq qabiliyyətini yoxlamaq üçün müsahibədən keçirlər. Belə müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsil qurumlarında üç müəllimdən ibarət komissiyalar tərəfindən aparılır. Müsahibələr valideynlərin və ya qanuni nümayəndələrinin də gözü qarşısında, videoçəkilişlə aparılır. Müsahibədən narazı qalan valideynlər apelasiya komissiyasına müraciət edə bilərlər.
Bütövlükdə bu il ölkədəki 5 yaşlı uşaqların 80 faizi, yəni 100 mindən artığı məktəbəqədər hazırlıq qruplarına cəlb olunub. Belə qruplarda hazırlıq keçməyən uşaqların valideynləri mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir, martın 13-dən etibarən isə istədikləri məktəbi və müəllimi seçə biləcəklər.
Məktəbəqədər hazırlıq keçməyən uşaqların qeyri dildə tədrisə qəbul edilməsi həmin dildəki nitq qabiliyyətinin yoxlandığı müsahibənin nəticələrinə görə aparılır. Belə uşaqlar üçün müsahibələr aprelin 1-dən başlayacaq.
Məlum olduğu kimi, Bakıda bəzi valideynlər övladlarını yaşayış yerindən aralıdakı məktəbə düzəltməyə çalışırlar. Belə valideynlər bilməlidir ki, məktəbə qəbul zamanı yaxınlıqda yaşayan (rəsmi qeydiyyata əsasən), valideynlərindən birinin məktəbdə işlədiyi, qardaşı və ya bacısı məktəbdə oxuyan uşaqlara üstünlük verilir. Məktəbdən uzaqda yaşayan uşaq bu şərtlərin heç birinə uyğun gəlmirsə, adı ehtiyat siyahısına salınır. Bu siyahıda adı birinci olaraq qeyd olunmuş uşağın məktəbdə boş yer açıldıqda oraya qəbul olunmaq üçün daha çox şansı var.
Bakıdakı lisey və gimnaziyalara yaxınlıqdakı ünvanlarda qeydiyyatda olan bütün uşaqların qəbulu müsabiqəsiz aparılacaq. Bu mənada yalnız Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna təşkil edir.
Lisey və ya gimnaziyaya yaxın ərazidə qeydiyyatda olmayan uşaqlar isə birinci sinifə xüsusi müsahibəyə əsasən qəbul olunurlar.
Daha çox