“Yoluxmada artım bizə yayda olduğu kimi çətin anlar yaşada bilər” - Video
“Artıq insanlar arasında koronavirusla bağlı həyəcan təbili çalınmalıdır. Çünki Azərbaycanda virusa yoluxma ilə bağlı son rəqəmlər çox ciddi rəqəmlərdir. Bir gün ərzində olan yeni yoluxma ilə bağlı 270 rəqəmini yay dönəmində görsəydik, bəlkə də başqa cür reaksiya olardı. Amma indi insanlar buna əhəmiyyət vermək istəmirlər. Bu rəqəm sabah daha da arta, 300, 400, hətta 500 ola bilər. Hazırkı vəziyyətdə xəstəxanalara müraciət edənlərin də artdığını görürük. Əgər qaydalara əməl etməsək, yoluxma sayı daha da artacaq”.
Sabah.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. O qeyd edib ki, koronavirusla bağlı tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması, tədris müəssisələrinin açılması, həmçinin payız mövsümünün gəlməsi ilə əlaqədar “COVID-19”a yoluxma tendensiyasında artım müşahidə olunur. Yoluxmanın ədədi silsilə ilə artması bizim daha da diqqətli olmağımızı vacib edir.
“Bu qədər artışa səbəb son günlər əhali arasında koronavirusun aktuallığının itməsidir. 2 həftədən çoxdur ki, hər bir Azərbaycan vətəndaşı döyüşmək, torpaqlarımızı qaytarmaq haqqında düşünür. Biz hamımız çox istəyərik ki, cəbhədən qələbə xəbərlərini eşidək. Lakin biz bu zaman başqa bir düşməni unuduruq. Pandemiyaya yoluxma sayında yüksəliş bizə yay dövründə olduğu kimi çətin anlar yaşada bilər. Həm də ola bilər ki, digər respirator infeksiyalara da yoluxaq. Belə olan halda əlavə sağlamlıq problemləri ortaya çıxır”.
TƏBİB rəsmisi vurğulayıb ki, ötən günün statistikasına görə, Azərbaycanda 2091 nəfər aktiv xəstə sayı qeydə alınıb. Bu hələ təsdiq olunan xəstə sayıdır, bundan başqa xəstəliyi asimptomatik formada keçirənlər də var. Ona görə də mövcud qoruyucu vasitələrdən istifadə edərək təmasdan qaçmaq lazımdır:
“İnsanlar bilməlidirlər ki, bunun spesifik müalicəsi yoxdur, vaksin hazırlanmayıb. Yeganə qorunma yolu yoluxmamaqdır. Biz hər kəsə aktiv virus daşıyıcısı gözü ilə baxmalıyıq və ona görə maska taxmalı, ara məsafəsi saxlamalı və kütləvi yerlərdə toplaşmamalıyıq. Biz özümüzü qorumaqla həm ordumuza, həm də həkimlərimizə yardım etmiş olarıq. Əks halda ölkədə həkim qıtlığı da yarana bilər. Müharibə şəraitində ikincili infeksiyanın aktual hal alması heç də yaxşı olmaz”.
V.Əliyev hesab edir ki, son günlər ərzində yoluxmanın artması insanların diqqətinin cəbhəyə yönəlməsi ilə əlaqədardır. Bu anlaşılandır, amma belə bir vəziyyətdə koronavirusu da unutmaq olmaz. Əgər virus sürətlə yayılmağa davam etsə, orduya da təsir edəcək:
“Azərbaycanda koronavirusla bağlı - həm müalicə, həm də xəstəliyin nəzarət altına alınması ilə bağlı vəziyyət Avropa ölkələrindən daha yaxşıdır. Əgər yenidən məhdudiyyətlərin tətbiq olunmasını istəmiriksə, qayda-qanunlara ciddi riayət etməliyik. Zəruri olmadan insanların kütləvi toplaşdığı yerə getməməliyik, lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə etməməliyik. Sosisal məsafə saxlamaq və maskadan düzgün istifadə etmək lazımdır. Bəzi insanlar maska taxarkən burunları maskadan yuxarıda qalır. Bu düzgün deyil, əgər maskanı taxırıqsa, onu düzgün formada taxmalıyıq”.
“COVID-19” infeksiyası ilə bağlı vaksinin tapılmasına gəlincə isə, V. Əliyev bildirib ki, hələ ki, peyvəndin qoruma müddəti, əks təsirləri, hansı yaş qruplarına olunacağı və sair məlum deyil. Peyvəndin nə vaxt hazır olacağı məlum olmadığına görə, bütün bəsit qayda-qanunlara əməl olunmalıdır.
Daha çox