Gürcü nazir BMT tədbirində azərbaycanlı qızdan danışdı

DÜNYA
00:40
25 Fevral 2020
83

Gürcüstanın xarici işlər naziri David Zalkaliani BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 43-cü sessiyasında iştirak edir.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN başçısı sessiya çərçivəsində təşkil olunan “İnsan haqları üzrə yaxşı hekayələr” (“Good Human Rights Stories”) adlı sessiyada çıxış edib. Nazir Gürcüstanda erkən evliliyin qarşısının alınması istiqamətində həyata keçirilən addımlar və qanunvericiliyə edilən dəyişikliklərdən söz açıb.

D.Zalkaliani qeyd edib ki, dövlət erkən nikahla bağlı məsələlərdə QHT sektoru və beynəlxalq təşilatlarla uğurlu əməkdaşlıq həyata keçirir.

Sessiya zamanı Gürcüstan tərəfi erkən evliliyin qarşısının alınması istiqamətində uğurlu nümunə olan ölkənin azərbaycanlı vətəndaşı Çinarə Qocayevanın hekayəsini təqdim edib.

D.Zalkaliani Gürcüstan hökumətinin erkən evliliyin geniş yayıldığı bölgələrdə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu da vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqı və BMT tərəfindən 2018-ci ildən insan haqları sahəsində ən yaxşı nümunələrin olduğu dünyanın 15 ölkəsindən biri seçilir.

Qeyd edək ki, 2016-cı ildə Gürcüstanın Tetritskaro rayonunun Kosalar kənd sakini, 14 yaşlı Ç.Qocayevanı valideynləri istəmədiyi şəxslə nişanlayıb. O, rəfiqə və tanışlarının köməyi ilə Gürcüstan Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının Qorunması Departamentinə müraciət edib. Ç.Qocayeva xüsusi sığınacağa yerləşdirilib. Qız sonradan ali məktəbə qəbul olub və valideynləri ilə də barışıb.

Xəbər lenti