“Sələflərinizin rastlaşmadığı bir şəraitdə təhsil aldız”
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il tələbə adını qazananları təbrik edib.
Sabah.az xəbər verir ki, təbrik “Abituriyent” jurnalının 7-ci nömrəsində yer alıb.
Qeyd olunub ki, bu tədris ilində builki məzunların üzərinə böyük yük düşüb: “Siz sələflərinizin rastlaşmadığı bir şəraitdə təhsilinizi davam etdirmək məcburiyyətində qaldınız. Lakin məhz çətinliklərə sinə gərməkdə, onlara qalib gəlməkdə insan xarakterinin ən yaxşı tərəfləri özünü büruzə verir. Yaranan çətinliklərə baxmayaraq, inadla çalışmaq və qarşınızda qoyduğunuz ümdə məqsədlərə çatmaq üçün irəliləməyə can atmağınız sizin uğurunuzun rəhnidir”.
M.Abbaszadə həmçinin əlavə edib ki, bu il vəziyyətin mürəkkəb olduğu şəraitdə, yüksək nəticə göstərərək tələbə adını qazanmışları görmək xüsusən sevinc doğurur:
“Bugünkü uğurunuzda, həmçinin sizin valideynlərinizin və müəllimlərinizin xidməti danılmazdır. Biz onlara da sizin təhsil nailiyyətləriniz üçün böyük zəhmət çəkdiklərinə görə öz minnətdarlığımızı bildiririk. Onlar sizi öyrədib, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün pozitiv emosiyalar aşılamağa çalışıblar və bu gün də səmimi olaraq uğurlarınıza sevinirlər”.
Daha çox