Mariya Zaxarovanın bu paylaşımına görə səfir Serbiya XİN-ə çağırıldı

DÜNYA
17:45
7 Sentyabr 2020
530

Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko Serbiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Serbiya Prezidenti Aleksandr Vuçiçin ABŞ-a səfəri ilə bağlı feysbukda paylaşdığı post olub.

Belə ki, Zaxarova Vuçiçinin ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşdə Amerika liderinin yanında stulda əyləşməsini görüntələyən foto ilə məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını ayağının üstünə qoyduğu kadrı kollaj edərək belə şərh edib:

“Əgər sizi Ağ Evə çağırıb stulu bu cür sorğuya çəkirmişcəsinə qoyurlarsa, kim olmağınızdan asılı olmayaraq 2-ci şəkildəki kimi əyləşin, sadəcə inanın”.

Serbiya Prezidenti Zaxarovanın paylaşımına sərt reaksiya verərək bunu “primitivizm və pis davranış” kimi qiymətləndirib.

Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvica Daçiç Rusiya səfiri ilə görüşdən əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ona zəng etdiyini söyləyib. O qeyd edib ki, Zaxarovanın paylaşımı iki ölkə arasındakı münasibətlərdə lazımsız gərginlik yaradıb. Bu səbəbdən Lavrovun iştirakının xüsusilə vacib olduğu bildirib.

“Rusiya diplomatiyasında birinci şəxs olan Lavrovun vəziyyətin həllində iştirakı mənim üçün xoş və vacibdir”,- deyə Serbiya XİN rəhbəri qeyd edib. 

Mariya Zaxarova isə daha sonra üzr istəyərək paylaşımın səhv anlaşıldığını bildirib.