Məktəblərin açılması nə üçün problemə çevrilib?
"Ölkələrin bir çoxu artıq tədrisin təşkili bağlı qərarlar verib. Bu əsasən distant və hibrid (əyani+distant) formada təhsilin təşkili ilə bağlıdır".
Sabah.az xəbər verir ki, bu barədə bu barədə məlumatı Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz sosial şəbəkədə paylaşıb.
O bildirib ki, hər iki halda tədrisin təşkili üçün texnoloji platforma və texniki–texnoloji avadanlıqlar zəruri şərtdir: "Hər iki təhsil forması üçün keyfiyyətli İnternet əlçatan olmalı, təhsil alan və təhsil verənlərin komputerlərlə təminatı olmalıdır. Əlavə olaraq da rəqəmsal tədris resursları və rəqəmsal bacarıqlar yetərli olmalıdır.
Keyfiyyətli internet və texniki-texnoloji təminatla bağlı bizdə ciddi problemin olmasını hökumət də, Təhsil Nazirliyi (TN) də və elə hamı da bilir. Kəndlərin əksəriyyətində keyfiyyətli internetə əlçatanlıq yoxdur. Statistikaya görə əhalinin 50%-i kəndlərdə yaşayır. Ailələrin komputerlə təminatı da yetərli deyil. Düşünürəm ki, məhz bu səbəbdən hökumət və Təhsil Nazirliyi təhsilin təşkilinin forması ilə bağlı çətinliklə üzləşiblər.
Anlaşılandır. Zamanında buraxdığımız səhvlər və imkanlar indi bizi ciddi problemlə üz-üzə qoyub".
Ekspert bu halda nə etmək lazım olduğuna da aydınlıq gətirib:
1. Keyfiyyətli internet hökumətin ciddi dəstəyi olmadan reallaşan məsələ deyil. Bunu təklikdə nə NRYTN (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi), nə də TN öhdəsindən gələ bilməz.
Statistikadan görmək olar ki, ən azı 50 % məktəblərin yerləşdiyi ərazilərdə normal internet yoxdur. Vaxtilə, 6-7 il öncə bu problemi həll etmək üçün, 0.5 milyard manat büdcəsi olan bir Dövlət Proqramı hazırlanmışdı. Neft Fondundan maliyyələşəcəkdi. Bu proqram obyektiv-subyektiv səbəblərdən hökumət tərəfindən dəstəklənmədi və maliyyələşmədi. Amma problem də həll olunmadan qaldı və daha da dərinləşdi. Düşünürəm ki, NRYTN təcili bu məsələyə yenidən qayıtmalı, Proqramı update (yeniləmə) etməli, bütün maraqlı tərəfləri, özəl provayderləri cəlb etməli, təkliflər toplanmalı, “Kəndlərə optika” dövlət proqramını hazırlamalı və dəstək üçün Prezidentə mürciət olunmalıdır. Hər bir rayon üzrə genişzolaqlı internet infrastrukturunun qurulması istiqamətində tədbirlər planı hazırlanmalı, özəl provayderlər bu işə cəlb olunmalıdır. Fikrimcə indiki halda biz ancaq zaman itiririk, təhsilin təşkili məsələsi keyfiyyətli internet infrastrukturu qurulmadan mümkünsüzdür.
Ümumiyyətlə isə, dünyanın gedişatı da bir daha onu göstərir ki, biz təcili olaraq bu sahələrə investisiya ayırmalı və təkcə təhsilin deyil, bütün dövlət xidmətlərinin ölkə üzrə əldə olunmasını həll etmək üçün keyfiyyətli və dayanıqlı internet infrastrukturunu qurmalıyıq.
2. Hazırda məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində minlərlə normal vəziyyətdə olan komputerlər və notbuklar var ki , COVID-19-la bağlı bunlar istifadəsiz qalıb. Düşünürəm ki, bu avadanlıqları müəllimlərə və şagirdlərə müvəqqəti olaraq vermək mümkündür. Vəziyyət normallaşanda komputerlər geri alına bilərdi.
3. TN əlavə olaraq yeni komputer və digər avadanlıqlar alınması üçün təcili hökumətdən kömək istəməli və bu məqsədlə beynəlxalq qurumlara, səfirliklərə də müraciət etmək faydalı olardı.
4. TN və NRYTN ölkənin İT (İnformasiya Texnologiyaları) şirkətləri və mobil operatorları ilə birgə görüş təşkil etməli, güzəştli şərtlərlə İT avadanlıqlar və mobil internet paketləri əldə etmək üçün onlara müraciət olunmalıdır.
5. Fikrimcə təhsilin keyfiyyətli formada təşkili üçün indiki anda maraqlı tərəflərin iştirakı ilə hökumət səviyyəsində toplantının keçirilməsi də faydalı olardı.
Daha çox