“Təhsil adi qaydada davam edərsə...” - Nazir

TƏHSİL
15:59
17 Avqust 2020
754

Bu gün Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib.

Sabah.az xəbər verir ki, konfransda dünyanı bürümüş COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.

Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev çıxış edərək təhsil sahəsində koronovirus pandemiyası ilə əlaqədar yaranan problemlərdən çıxış yollarının müzakirəsinə həsr olunmuş bu tədbirə və məsələyə həssas yanaşmaya görə Milli Məclis rəhbərliyinə, deputatlara təşəkkürünü bildirib.

Nazir çıxışında qeyd edib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır. Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVID-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verdi. Təhsilin adi qaydada davam edərsə insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb və bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.

Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib. Qeyd edilib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.

Bildirildi ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün ümumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur. Tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsəduyğun hesab edilir.

Komitə sədri Bəxtiyar Əliyev də çıxışında indiki məqamda qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha məqsədəuyğun olması ehtimalını dilə gətirib. O, 11 mart 2020-ci il tarixindən fəaliyyətə başlamış əksər fənlər üzrə ölkənin iki telekanalında dərslərin yayımının şagird və tələbələr üçün çox faydalı olduğunu və bunun davam etdirilməsinin zəruriliyini qeyd edib. Bəxtiyar Əliyev həmçinin ümumi təhsil, məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, peşə təhsili, məktəbəhazırlıq prosesinin davam etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.

Qeyd olunub, bəzi ümumi, ali və orta ixtisas təhsilinin müəyyən pillələrində distant təhsil forması mövcud proqramlara uyğun davam etdirilə bilər.