Yeni yaradılan liseylərə müəllimlərin qəbulu belə həyata keçiriləcək
Təhsil Nazirliyi yeni yaradılan liseylərdə dərs deyəcək müəllimlərin işə qəbulunun hansı formada həyata keçiriləcəyini açıqlayıb.
Sabah.az “Trend”ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov deyib ki, yeni liseylərdə ən yüksək bal toplayan peşəkar müəllimlər dərs deyəcək.
Yeni yaradılan liseylərdə tədrisi həyata keçirəcək pedaqoji heyətin seçilməsi zamanı ilk növbədə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin və diaqnostik qiymətləndirmələrin nəticələrinə əsaslanılacaq.
X.Seyranovun sözlərinə görə, yeni liseylərin müəllimləri yüksək bal toplamış müəllimlər sırasından müsabiqə əsasında seçiləcək:
“Regionlar üzrə seçim həyata keçiriləcək. Təmayül istiqamətlərindən asılı olaraq, müvafiq şəhər və rayonlarda işləyən təcrübəli müəllimlər müsabiqə yolu ilə seçiləcək. Müəllimləri Təhsil Nazirliyinin müəyyən etdiyi komissiya şəffaf, bərabər, ədalətli seçim prosesi əsasında seçəcək. Seçim zamanı komissiya üzvləri müəllimin təcrübəsi, təmayül istiqamətləri üzrə biliyi, müvafiq qiymətləndirmələrdəki nəticələri ilə yanaşı, təmayül siniflərində dərinləşdirilmiş proqramlarla işləyə bilmək üçün məntiqi təfəkkürünü, dünyagörüşünü də qiymətləndirəcək”.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.
Daha çox