Magistraturaya müsabiqənin nəticələri bu tarixdə açıqlanacaq

TƏHSİL
19:27
24 İyun 2020
31

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi etmiş bakalavrlarla bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, DİM-dən verilən məlumatda deyilir:

"Məlum olduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi 8–21 iyun tarixlərində həyata keçirilib.

Bu müddət ərzində 11380 bakalavr (Azərbaycan bölməsi üzrə 10549, rus bölməsi üzrə 831) öz ərizəsini təsdiq edib.

Lakin ali təhsil müəssisələri tərəfindən bakalavrların ümumi orta müvəffəqiyyət göstəricilərinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi prosesi bu gün yekunlaşıb.

Bundan əlavə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturasının 56 saylı qəbul proqramına aid 2 il iş stajı tələb edən ixtisaslaşmalarına (217125 Biznesin təşkili və idarə edilməsi; 217141 Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri)) sənəd qəbulu və onların yoxlanılması prosesi də bu gün başa çatıb.

Yuxarıda qeyd olunanlara əsasən magistratura səviyyəsinə qəbul olunmaq üçün müsabiqənin nəticələrinin 25 iyun tarixində – gün ərzində elan olunması nəzərdə tutulur".

Xəbər lenti