Azərbaycanlıların yaşadığı bu ərazidə sərt karantin rejimi ləğv edildi

DÜNYA
00:57
23 May 2020
118

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda sərt karantin rejimi ləğv edilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, 61 gündür tətbiq edilən sərt karantin rejimi Gürcüstan hökumətinin qərarı ilə dayandırılıb.

Qərara əsasən, mayın 23-dən etibarən rayon ərazisinə giriş-çıxış sərbəst şəkildə mümkün olacaq. Karantin rejiminin ləğv edilməsi ilə əlaqədar olaraq rayonun giriş-çıxış nöqtələrində Gürcüstan Müdafiə Nazirliyinin (MN) və Daxili İşlər Nazirliyinin (DİN) nəzarətindəki xüsusi buraxlış məntəqələri ləğv edilib, ərazidəki çadırlar və yardımçı vasitələr götürülüb. Bununla belə, yoluxma hallarının çox olması səbəbi ilə rayonun Geta (Aşağı Güləver) və Muşevani (Dəllər) kəndlərində sərt karantin rejimi qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bolnisi rayonunda sərt karantin rejiminin tətbiqinə martın 23-də başlanılıb. 2 aylıq karantin dövründə rayonda yeni növ koronavirusa 160 yoluxma halı təsdiqlənib. Yoluxanlardan 74 nəfərin sağaldığı, 3 nəfərin isə vəfat etdiyi bildirilir.

Eyni zamanda Gürcüstanda yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən fövqəladə vəziyyət rejimi də ləğv edilib. Hökumətin qərarına əsasən, mayın 23-dən etibarən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunmayacaq.

Qeyd edək ki, qonşu ölkədə “COVID-19” pandemiyası ilə əlaqədar olaraq martın 21-də fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan Prezidenti Salome Zurabişvili aprelin 17-də fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması barədə sərəncam imzalayıb. Aprelin 22-də isə Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin mayın 22-dək uzadılması ilə bağlı Prezident Salome Zurabişvilinin sərəncamını dəstəkləyib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb. Həmin tarixdən ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 723-ə çatıb.

Xəbər lenti