Tələbələrin təhsil haqqı xərcləri üçün yeni portal istifadəyə verildi

TƏHSİL
10:39
21 May 2020
116

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi e-telebe.edu.az portalı istifadəyə verilib.

Sabvah.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsil, ailə üzvləri haqda və digər zəruri məlumatları əlavə etməlidirlər.

Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir.

Xəbər lenti