Azərbaycanda “Ağıllı məktəblər” yaradıla bilər
CISCO şirkətinin vitse-prezidenti Qay Ditrix ötən gün Prezident İlham Əliyevlə müzakirələr zamanı "Ağıllı məktəblər" layihəsinin tətbiqindən və bunun ölkəmiz üçün açdığı imkanlardan danışıb. Q.Ditrix bu üsulla ölkəmizdə təhsilin səviyyəsini daha da qaldıra biləcəyimizi qeyd edib.
Maraqlıdır, "Ağıllı məktəb" dedikdə nə nəzərdə tutulur? Hazırda bu cür məktəblərin formalaşması üçün bizdə şərait varmı?
Sabah.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi "Ağıllı məktəblər" layihəsinin tələbələr və şagirdlər arasında kollektiv işləmə bacarığını formalaşdıracağını bildirib:
"Əslində bu sistemin tətbiqi mütərəqqi addım olacaq. İnformasiya texnologiyalarının sürətli inkişafı dövründə təhsil sahəsi üzrə də inqilablar lazımdır. "Ağıllı məktəblər" təlimdə İT texnologiyalarının istifadəsini yaxşılaşdırmaq, tələbələrin yaradıcılığını dəstəkləmək və rəqəmsal fərqi azaltmaq üçün daha asan təlim mühitlərinə çıxışı təmin etməkdir. Bunun üçün ağllı qurğulardan istifadə əsasdır. Bu qurğulardan istifadə məzmun həllərini daha da tezləşdirir. Bilirsiniz ki, bizim planşet və kompüterlərimiz real vaxtda paylaşmaq və izləmək, açıq ünsiyyət qurmaq və öyrənmək mühitini həyata keçirməyə imkan verir. Həmçinin bu ağıllı qurğularla komanda fəaliyyətləri, qrup tapşırıqları və qrup müzakirələri mümkündür. Bu isə istər şagirdlər, istər tələbələr, istərsə də müəllimlər arasında komanda halında bir ruh yaratmağa kömək edir".
Təhsil eksperti "ağıllı məktəb" məzunlarının ölkəmizdə 15-20 il sonra görə biləcəyimizi qeyd edib:
"Ağıllı məktəblər"də müasir texnologiyalardan istifadə ilə (ağıllı telefonlar, planşetlər, kompüterlər, ağıllı lövhələr və s.) müəllimlər tez-tez şagirdlərin mühazirələri dərk etmə səviyyəsini, test və viktorinalarda çıxışlarını ölçürlər. Müəllimlər ayrıca ehtiyac olduqda fərdi öyrənmə imkanları da təmin edirlər. Tələbələrə gəlincə isə onlar hər bir kurs üçün tədris planlarını, dərslikləri və müxtəlif materialları (sənədlər, fotoşəkillər, səslər, səs yazmaları, videolar, tətbiqetmələr və URL-lər) yükləyə bilər, nəticədə öyrənmə səmərəliliyinin yüksəlməsinə kömək edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə "Ağıllı məktəblər"in yaradılması mümkündür. Bunun üçün sadəcə olaraq müasir texnoloji avadanlıqların, ağıllı qurğuların tətbiq və istifadəsi lazımdır. Sistem yaradıldığı halda əminliklə demək olar ki, bu sistem gələcək nəsillərin daha çox informasiyalaşmasını və texnologiyalardan çevik istifadəsini təmin edəcək. "Ağıllı məktəblər"in ağıllı, intellektli məzunlarını 15-20 il sonra görə biləcəyik".
Daha çox