İstanbulda 21 yaşlı gənci döyərək öldürüblər - Çox işlədiyinə görə
Türkiyənin İstanbul şəhərində dəhşətli cinayətin üstü açılıb.
Sabah.az DHA-ya istinadən xəbər verir ki, İbrahim Halil Kiraz adlı şəxsin döyülərək öldürüldüyü məlum olub.
Bildirilir ki, həmin şəxs ötən ilin iyulunda Maltəpə rayonunda çalışdığı oteldə ağır yaralı halda tapılıb və dekabrda ölüb. Onun qəza nəticəsində ağır xəsarət aldığı deyilsə də, araşdırmalar aparan polis cinayətin üstünü açıb. Məlum olub ki, İbrahim Halil Kiraz iş yoldaşları tərəfindən döyülərək öldürülüb.
Hərəkətə keçən asayiş keşikçiləri mərhumu döyməkdə təqsirləndirilən 5 nəfəri (Batuhan A., İslam K., Kerem N., Erkal Ç., Ufuk K.) saxlayıblar. Məlum olub ki, onlar 21 yaşlı gəncə çox çalışdığı üçün hücum çəkiblər.
“Sən çox çalışaraq pis örnək olursan, rəhbərlik bizim də sənin qədər çalışmağımızı istəyir. Az işlə”, - deyə onlar İbrahim Halil Kirazla mübahisəyə başlayıb. Mübahisə zamanı həmin gənc döyülərək ağır xəsarət alıb.
Hadisədə adı keçən 6-cı şəxsin isə Demir Ç. olduğu və hazırda başqa cinayətə görə həbsdə saxlanıldığı bildirilir.
Daha çox