Dünyada koronavirusla bağlı son statistika
Dünya üzrə koronavirus infeksiyasından ölənlərin sayı 102 min nəfəri ötüb.
Sabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkis Universiteti məlumat yayıb. COVID-19 xəstəliyi ilə bağlı məxsusi statistika aparan universitetin aprelin 11-nə olan məlumatına görə, koronavirusa 1 milyon 698 mindən artıq insan yoluxub, 102 min 752 nəfər ölüb, 370 mindən çox insan isə sağalıb.
Ümumilikdə ən çox yoluxma halı 456 min 815 nəfər olmaqla ABŞ-da qeydə alınıb. Bu xəstəlikdən həyatını itirənlərin sayı isə 18 min 747 nəfərdir.
İtaliyada son 24 saat ərzində yeni növ koronavirusdan ölənlərin sayı daha 570 nəfər artaraq 18 min 849-a çatıb. Ölkədəki aktiv Covid-19 xəstələrinin sayı 98 min 273 nəfər, ölən və sağalanlar da daxil olmaqla virusa yoluxanların sayı 147 min 577 nəfərdir.
İspaniyada bir gündə koronovirusdan ölənlərin sayı daha 605 nəfər artaraq 16 min 081-ə çatıb. Ümumilikdə ölkədə virusa yoluxanların sayı 157 min 022 nəfərdir.
İspaniya mediası bu statistikanı "24 mart tarixindən bu yana ən az ölüm sayının qeydə alınması" başlığı ilə yayımlayıb.
Fransada pandemiyadan ölənlərin sayı 13 min 197-yə çatıb. Virusa yoluxanların sayı son 24 saatda 4 min 342 nəfər artaraq 90 min 676 olub.
Daha çox