Şoyqu silahlı qiyamdan sonra ilk dəfə görüntüləndi - Video

DÜNYA
11:18
26 İyun 2023
291

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamından sonra ilk dəfə görüntülənib.

Sabah.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Şoyqunun hərbi əməliyyat zonasında Qərb Qoşun Qüvvələrinin birləşmələrdən birinin idarəetmə məntəqəsinə baş çəkməsinin görüntülərini yayıb.

Bu, rusiyalı nazirin ölkədə son günlər baş verən hadisələr fonunda fəaliyyətini əks etdirən ilk kadrlardır.

Məlumatda Şoyqunun birləşmə rəhbərlərinin hesabatlarını dinlədiyi, eləcə də hazırkı vəziyyətlə tanış olduğu bildirilir.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb.

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

Xəbər lenti