Generallardan “Vaqner” döyüşçülərinə: - “Qayıdın…”

DÜNYA
09:40
24 İyun 2023
190

Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş İdarəsinin rəisinin birinci müavini, general-leytenant Vladimir Alekseev “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə müraciət ediblər.

Sabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar müraciətlərində döyüşçülərini kolonların hərəkətini dayandırmağa və dislokasiya yerlərinə qayıtmağa səsləyiblər.

“Çox gec olmadan bunu etmək lazımdır. Rusiyanın xalq tərəfindən seçilmiş prezidentinin iradəsinə və əmrinə tabe olun. Daimi dislokasiya məntəqələrinə qayıdın. Ali Baş Komandanın rəhbərliyi altında bütün problemləri yalnız sülh yolu ilə həll edin... Biz birlikdə vuruşduq, itkilər verdik, birlikdə qalib gəldik. Biz eyni qandanıq. Biz döyüşçüyük. Düşmən ölkəmizdə daxili siyasi vəziyyətin daha da ağırlaşmasını gözləyir”, - deyə Surovikin deyib.

Xatırladaq ki, o, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının komandirlərindən biridir.

Vladimir Alekseev də “Vaqner”ə müraciət edərək, onları fikirlərini dəyişməyə çağırıb.

O vurğulayıb ki, ölkə hazırda çətin vəziyyətdədir, çünki bütün Qərb dünyası Rusiyaya qarşı silahlanıb.

Generalın fikrincə, belə qarşıdurma ilk növbədə siyasi itkilərə səbəb ola bilər.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Xəbər lenti