Azərbaycanda koronavirusa qarşı peyvəndlər hazırlanacaq

SƏHİYYƏ
21:47
16 Mart 2020
138

Martın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronovirusla mübarizəyə dair maarifləndirici dəyirmi masa keçirilib.

Sabah.az AMEA-ya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova açaraq AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı profilaktik tədbirlər haqqında” sərəncam imzaladığını və bu tədbirin həmin sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə təşkil olunduğunu vurğulayıb. Qeyd edib ki, sərəncama əsasən, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, maarifləndirici materialların dərc olunması ilə bağlı tapşırıqlar verilib.

O, koronavirusdan qorunmaq üçün elmi maarifləndirmə işlərinin aparılmasının zəruri olduğunu qeyd edərək, müvafiq sahə mütəxəssislərini fəal olmağa, öz biliklərini insanlarla bölüşməyə çağırıb: “Koronavirusdan qorunma və müalicə üsulları ilə bağlı kitabça və broşürlər hazırlanmalı, insanlara mütəmadi olaraq məlumatlar verilməlidir”.

Ölkəmizdə bu virusun genomu, quruluşu, mənşəyi, eyni zamanda vaksinlərin hazırlanması sahəsində dərin biliklərə malik mütəxəssislərin olduğunu deyən akademik İ.Hüseynova bildirib ki, bu istiqamətdə tədqiqatlar daha da genişləndirilməlidir. Onun sözlərinə görə, elmi biliklər vasitəsilə ağır xəstəlik və pandemiyalarla mübarizə asan olacaq.

Hazırda ölkəmizdə koronavirusun qarşısının alınması və peyvəndlərin hazırlanması məqsədilə ciddi tədbirlərin görüldüyünü deyən alim bu pandemiyanın dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb.

Xəbər lenti