Koronavirusa yoluxanlar necə müalicə olunur, neçə günə sağalır?
“Koronavirusa yoluxan insanın xəstəlikdən müalicəsi ən çoxu bir həftə çəkir”.
Sabah.az xəbər verir ki, bu barədə Lent.az -a Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Həkim bildirib ki, fərdi xüsusiyyətlərindən asılı olaraq bəzi insanlar daha tez sağala bilər.
Baş infeksionist hazırda virusa yoluxanların hansı üsulla müalicə olunduğunu da açıqlayıb.
Onun sözlərinə görə, koronavirusa yoluxanların müalicəsi respirator virus infeksiyalarında olduğu kimidir: “Respirator virus infeksiyaları hansı üsulla müalicə olunursa, hansı tədbirlər həyata keçirilirsə, koronavirus yoluxması zamanı da həmin müalicə üsullarından istifadə olunur. Hazırda bu virusun spesifik dərmanı yoxdur, sadəcə olaraq simptomatik və patogenetik müalicə tədbirləri aparılır”.
Həkim bir daha qeyd edib ki, virusa yoluxduqdan sonra xəstəliyin ortaya çıxma müddəti 2 gündən 14-günə kimidir. Orta hesabla isə 6-7 gündür.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxan 11-nəfərdən 3-ü sağaldığı üçün evə buraxılıb.
Daha çox