Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Sabah.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İmtahanlar saat 10:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda 21035 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 19407 nəfər Azərbaycan, 1628 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5176 nəfəri oğlan, 15859 nəfəri isə qızdır. 17540 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2952 nəfər əvvəlki illərin məzunudur. 51 nəfər ali təhsil müəssisələrinin, 492 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 74 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2006-cı ildəndir.
İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 50-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Daha çox