Ali təhsil pilləsinin dövlət standartı və proqramına dəyişiklik edildi

TƏHSİL
15:50
7 İyun 2021
616

Nazirlər Kabineti “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik edib.

Sabah.az xəbər verir ki, dəyişikliyə əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşacaq.

Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunacaqlar. Attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün dövlət attestasiyası təşkil ediləcək.

Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə dövlət attestasiyası məcburidir və ixtisas üzrə buraxılış yekun dövlət imtahanından (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılacaqlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılacaq. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil 3 müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyənləşdiriləcək. Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.

Xəbər lenti