Qəbul imtahanının ikinci mərhələsi 2 dəfə keçiriləcək
"Bu il də ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçiriləcək".
Sabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, imtahanın ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) keçirilməsi nəzərdə tutulur, lakin koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilməmə ehtimalını nəzərə alaraq abituriyentlərin 1-ci cəhddə iştirakı tövsiyə olunur.
DİM sədri əlavə edib ki, abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin həm I-IV ixtisas qruplarına (hər hansı biri və yaxud ikisi üzrə) daxil olan ixtisaslar, həm V ixtisas qrupuna daxil olan ixtisaslar, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər:
“Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən elan olunacaq müddətdə internet vasitəsilə aparılacaq”.
Daha çox