Gələn aydan bu şəxslər Gürcüstana gedə biləcək
"Quru sərhədlərinin açılması qonşu ölkələrdən turistlərin Gürcüstana daha çox gəlməsinə imkan verəcək".
Sabah.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bildirib.
"Düşünürük ki, yay mövsümündə hava sərhədində olduğu kimi, quru sərhədini də çox ciddi nəzarət altında təhlükəsiz şəkildə aça biləcəyik", - Turnava qeyd edib.
Bu məqamda “Sputnik Gürcüstan” qeyd edir ki, iyun ayından istənilən ölkənin tam (iki dəfə) vaksinaya olunması barədə sənədi olan vətəndaşları hava yolu ilə Gürcüstana gələ bilərlər.
İstisna yalnız Hindistandan (vətəndaşlığından və tam peyvənd olunmasından asılı olmayaraq) Gürcüstana gələn vətəndaşlara, həmçinin son 14 gün ərzində bu ölkəyə səfər etmiş şəxslərə aiddir. Onlar uçuşa ən geci 72 saat qalmış edilən PCR testin mənfi nəticəsini təqdim etməlidirlər. Bundan sonra onları öz hesablarına 14 günlük məcburi karantin gözləyir.
Gürcüstan dövlət sərhədini keçməzdən əvvəl xüsusi elektron formanı doldurmaq lazımdır ki, burada son 14 gün ərzində edilən səyahətlərin tarixi, habelə Gürcüstanda yaşayış yeri və əlaqə məlumatları göstərilməlidir.
Vaksinasiya olunmadan
Bu mərhələdə Gürcüstan hakimiyyəti ölkəyə aşağıdakı ölkələrin peyvənd olunmamış vətəndaşlarının girişinə icazə verir: Rusiya, İsrail, Türkiyə, İsveçrə, Norveç, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Azərbaycan, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, həmçinin Avropa İttifaqına üzv ölkələr.
Bununla belə, bu ölkələrdən gələnlərdə sərhədi keçməzdən ən geci 72 saat əvvəl edilmiş PCR testin mənfi nəticəsi olmalıdır. Sərhədi keçəndən üç gün sonra onlar öz hesablarına təkrar PCR test etməlidirlər.
Gürcüstan dövlət sərhədini keçməzdən əvvəl onlar da xüsusi elektron formanı doldurmalıdırlar ki, burada son 14 gün ərzində edilən səyahətlərin tarixi, habelə Gürcüstanda yaşayış yeri və əlaqə məlumatları göstərilməlidir.
Son 14 gün ərzində Hindistana səyahət edən vətəndaşları 14 günlük karantinə (öz hesabına) göndərəcəklər. Bu halda sərhədi keçdikdən 3 gün sonra PCR testin edilməsi məcburi deyil.
Xüsusi hallar
Gürcüstana girişə məhdudiyyətlər aşağıdakı şəxslərə tətbiq edilmir:
Gürcüstanda akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələri, habelə onların ailə üzvləri;
humanitar missiya üzvləri;
rəsmi nümayəndə heyətlərinin üzvləri;
beynəlxalq daşımalarda çalışan sürücülər;
beynəlxalq dəmir yolu və hava daşımaları personalı.
Daha çox