"Şuşada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır”

TURİZM
12:47
17 Mart 2021
209

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Park otelin yerləşəcəyi binaya baxıblar. Yenidənqurmadan sonra otel qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.

Sabah.az xəbər verir ki, Prezident İlham Əliyev bildirib ki, burada keçmiş sanatoriya korpusu olub: “ İşğal dövründə buradan kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı bir şərait var idi. İndi yenidən bərpa edilir. Bu da şourumdur, otelin otaqları bax belə olacaq və bu il otel artıq istifadəyə veriləcək”.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına icra olunacaq layihələrlə bağlı məruzə edib.

Prezident İlham Əliyev Şuşada görüləcək işlərlə əlaqədar tapşırıq və göstərişlərini verib.

“Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.

Buradan da şəhərə, şəhərin ətrafında yerləşən dağlara gözəl mənzərə açılır. Amma bir daha görürük, ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Bəlkə bu binanı tikiblər, bu da eybəcər bir tikilidir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər sovet vaxtından qalan evlərdir, “xruşşovka”lardır. Bunlar da öz müddətini çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir.

Şuşada işğal dövründə təxminən 2000 adam yaşayırdı, onların da böyük hissəsi hərbçilər və onların ailə üzvləri idi. Ona görə də bu binaların böyük hissəsi boş qalmışdır. Baxın, burada bir dənə normal vəziyyətdə bina var, yoxsa yox?”, - deyə dövlət başçısı bildirib.

Xəbər lenti