İlham Əliyev koronavirusdan və tibbi maskalardan danışdı

SƏHİYYƏ
20:50
3 Mart 2020
142

“Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur”.

Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən deyib. Dövlət başçısı sözlərinə belə davam edib:

“Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın.

Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni, bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır".

Prezident tibbi maska çatışmazlığından da danışıb:

"Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.

Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar.

Bir daha demək istəyirəm ki, bizim səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, gözlənilməz hadisələrə də hesablanıb. Əlbəttə, biz belə gözəl xəstəxanaları ona görə inşa edirik ki, vətəndaşlar bundan istifadə etsinlər. Həmçinin hansısa bir fors-major vəziyyətdə, əlbəttə ki, belə tibb ocaqlarının mövcudluğu bizim imkanlarımızı genişləndirir. Şadam ki, Goranboy rayonunda belə gözəl tibb müəssisəsi artıq fəaliyyət göstərir”.

Xəbər lenti