BŞİH-də bağçalarla bağlı müşavirə keçirildi
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, layihəni həyata keçirən mütəxəssislər, mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli seminar-müşavirə keçirilib.
Sabah.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək bağçalara uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işlərinin başa çatdığını bildirib. Valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.
Pilot layihə kimi seçilən Nizami rayonunda on gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcək. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcək.
Hazırkı layihənin ikinci mərhələsində isə istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prosesi barədə foto-video hesabatları da əldə edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr sadələşəcək. Arzu edənlər elektron formatda təklif və iradlarını bildirərək müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər.
Tədbir zamanı eləcə də Qida Təhlükəsizliyi Agentliyi ilə məktəbəqədər təhsil müəssisələrində birgə aparılmış monitorinqlərin nəticələri müzakirə edilib, bu sahədə vəziyyət ötən illərə nisbətən daha qənaətbəxş olduğu bildirilib. Bununla belə yoxlamalar zamanı bəzi çatışmazlıqlar aşkar edilib və onların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.
Əlavə olaraq, bağçalarda təlim-tərbiyə prossesini əhatə edən yeni innovasion layihələr və yeniliklər də hazırlandığı bildirilib.
Daha çox