5G ajiotajı və koronavirus...
Artıq bir müddətdir ki, dünyada, o cümlədən, Azərbaycanda 5G texnologiyasının xəstəliklərin daha çox yayılmasına səbəb olduğu barədə səsləndirilən fikirlər səngimək bilmir.
Sabah.az xəbər verir ki, əvvəllər 5G-ni sadəcə xərçəng xəstəliyinin artmasını sürətləndirdiyi barədə ittihamlar var idisə, daha sonra koronavirusun qısa müddətdə sürətlə yayılmasını da bununla əlaqələndirməyə çalışanlar az deyil.
İddiaçılar bu fikri 2019-cu ilin sentyabrında Uhanın (Çin) 5G tətbiq edilən ilk şəhərlərdən biri olması ilə də əsaslandırır. Ümumi fikir belədir ki, yeni texnologiya vasitəsilə dünya əhalisinin böyük bir hissəsi öldürüləcək, sağ qalan və seçilmiş hissəyə isə kütləvi peyvəndlər yolu ilə mikro çiplər yerləşdiriləcək. Bununla da insanların bir mərkəzdən idarə olunması planı uğurla tamamlanacaq.
Odur ki, dünyanın müxtəlif ölkələrində bu yeni texnologiyanın tətbiqinin dayandırılması ilə bağlı kampaniyalar yaradılıb, aksiyalar keçirilir.
Son günlər Azərbaycanda da əhali arasında bu ajiotaj yaranıb və sosial şəbəkələrdə müxtəlif səsyazıları yayımlanıb.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayaraq Azərbaycanda 5G texnologiyasının tətbiq olunmadığını bildirib.
Qeyd edib ki, texnologiya sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib. Bundan başqa, məlumatda ionlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edildiyi qeyd olunub.
Ümumdüya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda da virusların radiodalğalar, mobil şəbəkələr vasitəsilə yayıla bilmədiyi, “COVID-19” 5G mobil şəbəkəsinə malik olmayan ölkələrdə də olduğu vurğulanıb.
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz məsələ ilə bağlı “Qafqazinfo”nun suallarını cavablandıran zaman bildirib ki, hazırda istər 5G texnologiyası, istərsə də, mikroçiplərlə bağlı heç bir elmi izahı olmayan söhbətlər gedir və ümumiyyətlə, o, bu müzakirələrə qoşulmağı artıq bir iş hesab edir:
“Yeni müasir texnologiya olan 5G-yə həqiqətən ehtiyac varmı? Əlbəttə var. Mənim özümün də, bəzi şirkətlərin, siravi vətəndaşların ehtiyacı yoxdur. Ancaq sabah texnologiya, iqtisadiyyat, cəmiyyət o qədər inkişaf edəcək ki, böyük ötürücülük qabiliyyətinə ehtiyac olacaq. Hazırda da belə sahələr, ölkələr var. 3G və 4G o tələbatı ödəmək iqtidarında deyil. Bu baxımdan hesab edirəm ki, bu innovasiyanın gəlişi, elə Azərbaycanda da tətbiqi doğru bir addımdır. Bundan kənarda qalmaq olmaz.
İndi gələk ikinci suala ki, nə dərəcədə təhlükəlidir?
3G və 4G ilə bağlı təhlükə nə qədərdirsə, elə 5G ilə bağlı təhlükə də o qədərdir. Yəni, hələ ki, dünyanın oturuşmuş institutlarının, ekspertlərinin rəyi, mövqeyi bundan ibarətdir. 5G ilə bağlı standartlar ötən ilin sonunda qəbul olunub. Artıq bəllidir ki, hansı tezlikdə olacaq və avadanlıqlar necə təşkil ediləcək. Bu avadanlıqların elektomaqnitşüalanmasına əsasən müəyyən edilib ki, baza stansiyaları əhalidən nə qədər uzaqda, hansı hündürlükdə və necə olmalıdır. Həmin standartlar 10-15 il əvvəl 3G, 5-6 il qabaq isə 4G üçün müəyyən olunmuşdu.
Vətəndaş pəncərəni açıb baxdığı zaman qonşuda, evinin üstündə, yanında həmin avadanlıqların antenalarını görürsə, o, ziyan və təhlükəlidir. Tez-tez başı ağrıyacaq, ürəyi bulanacaq və s.
Yox, əgər bu antenalar 100 metr uzaqda və ya 100 metr yüksəklikdədirsə, bunun problemi yoxdur. Sabah da 5G ilə bağlı standartlara əməl olunacaqsa, onun ziyanı ilə bağlı elmi bir araşdırma yoxdur.
Mobil operatorlar əziyyət çəkib həmin antenaları yaşayış yerindən kənarda, imkan olmadıqda qüllə formasında 100 metr yüksəklikdə qoymalıdır. 30 metrlik dairədə bu, ziyanlıdır. Elə restoran, elə məktəb, uşaq bağçası tanıyıram ki, orada qoyulub. Bu, heç 5G deyil, ancaq ziyanı var. Hətta rayonlarda operatorlardan arenada pulu alaraq həyətlərində antenaların qoyulmasına razılıq verən ailələr var. Monitorinq aparılsa, həmin antenanın 30 metr əhatəsində olan evlərdə ölüm halı daha yüksəkdir”.
Ekspert hazırda yaranmış və günü gündən artan ajiotajın səbəbini biznes maraqlarında görür:
“Burada müəyyən dairələrin biznes maraqları var. Hazırda 5G texnologiyasının istifadəsində qabaqda olan ölkələr var. İstifadə olunacaq avadanlıqların bazarda pay yeri uğrunda hazırda güclü yarış gedir. Yeni innovasiya digərlərindən fərqli olaraq imkan verəcək ki, ətrafda nə qədər texnoloji əşya varsa, internet üzərindən birləşdirilsin. Və siz bir telefon vasitəsilə bütün əşyaları idarə edə biləcəksiz. Son olaraq da, təhlükəsizliklə bağlı məsələlər var ki, bəzi ölkələr məlumatların sızdırılmasından narahatdır”.
Daha çox