Çin hakerləri COVID-19-u araşdıran mərkəzləri hədəfə alıb - Xəbərdarlıq
Amerika Birləşmiş Ştatlarının (ABŞ) təhlükəsizlik təşkilatları yeni növ koronavirus (COVİD-19) pandemiyasını araşdıran qurumların Çin hakerləri tərəfindən hədəfə alındığını bildirib.
Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBİ) və Daxili Təhlükəsizlik Nazirliyi COVİD-19-la bağlı peyvənd, müalicə və ya test çalışmaları aparan araşdırma mərkəzlərinə bu barədə xəbərdarlıq edib.
Xəbərdarlıq edilib ki, Çin hakimiyyəti ilə əlaqəsi olduğu düşünülən hakerlər araşdırma aparan qurumları hədəfə alır. Onlardan bu barədə əlavə və daha ciddi təhlükəsizlik tədbirləri görmələri istənilib.
FBİ həmçinin potensial təhdidlə bağlı xalqın diqqətini artırmaq üçün xəbərdarlıq etdiklərini və yaxın günlərdə bəzi detalların açıqlanacağını bildirib.
Ölkənin Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi də bu barədə açıqlama yayaraq Çinin bu sahəni hədəfə almasının ABŞ-ın COVİD-19-la mübarizəsini təhlükəyə atdığını vurğulayıb.
Daha çox