Uşağına Polad və Xudayar adları verənlərin sayı kəskin artıb

MARAQLI
13:30
3 May 2021
57

Bu ilin ilk 4 ayında doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.

Sabah.az "Report"a istinadən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında yeni doğulan 99 körpəyə Polad adı verilib. Uşaqlara Polad adının verilməsi 2020-ci ildə və cari ilin dörd ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Yəni, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.

Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.

Bununla yanaşı, bu ilin dörd ayında 18 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində isə cəmi 3 nəfərə qoyulub. 2018-ci ildə cəmi bir uşağa Xudayar adı verilmişdisə, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmayıb.

Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xudayar adı isə Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyunun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevirilib.

Xəbər lenti