“Şuşa həbsxanasında idik, ordumuzun döyüşə başladığını eşitdik”

MARAQLI
15:00
1 Yanvar 2021
291

Ermənistan girovluğundan azad olunan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında türk mediasında xəbər yer alıb.

Sabah.az xəbər verir ki, Anadolu Agentliyinə müsahibə verən Dilqəm və Şahbaz əsirlikdə onlara edilən işgəncələrdən danışıb.

6 ildən sonra vətənə qayıdan girovlar xəstəxanada aldıqları müalicədən sonar, ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Onlar işğal altındakı torpaqlarımızın azad edilməsinə görə sevinsələr də, dostları Həsən Həsənovun ermənilər tərəfindən qətlə yetirildiyinə görə çox pis olduqlarını deyiblər.

Doğulduğu Kəlbəcərə gedib qohumlarının məzarlarını ziyarət edən zaman ermənilər tərəfindən həbs edilən Dilqəm bildirib ki, o həbs olunandan əvvəlki illərdə də Kəlbəcərə gedib. Lakin son səfəri zamanı həddən artıq diqqət çəkdiyinə görə tutulub və "qondarma məhkəmə”də ona ömürlük həbs cəzası verilib.

Dilqəm Əsgərov həbsxanada ermənilərin dəşətli işgəncələrə məruz qaldığını deyib:

“Barmaqlarımı sındırdılar, başıma vurdular. Gün ərzində yalnız yarım saat hava almağa icazə verilirdi. Tək adamlıq kamerada qalırdım. Ancaq ümidimi heç vaxt itirmirdim. Həmişə həm “məhkəmə”də, həm də həbsxanada bir gün Azərbaycan əsgərinin gələcəyini söyləyirdim. Çünki Prezident İlham Əliyevin Qarabağın işğal altında qalmasını qəbul etmədiyini bilirdim”.

Dilqəm müsahibəsi zamanı ermənilərin onu kamera qarşısına çıxararaq Azərbaycana qarşı danışdırmaq istədiyini bildirib:

“Bir il həbsxanada mənə yemək vermədilər. Girov götürüləndə 107 kiloqram idim. Bir ildə çəkim 55 kiloqrama düşdü. Mənə elektrik cərəyanı ilə işgəncə verdilər”.

Dilqəm Əsgərov Azərbaycan ordusunun öz torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatı silah səslərindən öyrənib:

“Şuşa həbsxanasında idik. Radiomuz var idi. Oradan Azərbaycan Ordusunun hərbi əməliyyata başladığını eşitdim. Azərbaycan Ordusu Şuşaya yaxınlaşanda bizi İrəvana apardılar”.

O bildirib ki, Ermənistanda müharibədə terrorçulardan istifadə edib. O, PKK yaraqlılarını Şuşa həbsxanasında görüb.

Digər girov Şahbaz Quliyev də öz torpaqlarına getdiklərinə görə günahsız yerə həbs edildiklərini bildirib. O da, əsirlikdə olduqları müddətdə müxtəlif işgəncələrə məruz qaldığını söyləyib:

“O, həyat deyildi. O, yaşamaq deyildi. Cəhənnəmi gördük, gəldik. Bundan sonrakı ad günümü 14 dekabrda Bakıya qayıdan günü qeyd edəcəm”.

Müharibədə həyatını itirən şəhidlərin ruhları qarşısında baş əydiklərini söyləyən Ş. Quliyev bildirib ki, Azərbaycan ordusu irəlilədikcə, ermənilər nə edəcəklərini bilmirdilər:

“Yüksək rütbəli zabitlər də həbsxanada yaşamağa başlamışdılar. Çünki həbsxana qala kimi idi. Onlar canlarının qorxusundan həbsxanada gizlənmişdilər".

Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və dostları Həsən Həsənov 2014-cü ildə erməni işğalı altında olan Kəlbəcərə yaxınlarının məzarını ziyarət üçün gediblər. Lakin erməni əsgərləri Həsənovu öldürüb, digərlərini girov götürüblər. Üç aydan sonra Həsənovun cənazəsi Azərbaycana qaytarılıb. Ermənilər tərəfindən qanunsuz şəkildə mühakimə olunan Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il həbs cəzasına məhkum edilib. Onlar noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyannaməyə əsasən, əsir və girov mübadiləsi çərçivəsində 14 dekabr tarixində Azərbaycana qaytarılıblar.

Xəbər lenti