Prezident Fikrət Qocaya zəng etdi

MƏDƏNİYYƏT
14:38
24 Avqust 2020
626

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocaya telefonla zəng edib.

Sabah.az xəbər verir ki, Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb. Dövlət başçısı Fikrət Qocanın “İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və bu münasibətlə də təbriklərini çatdırıb.

Xoş sözlərə və təbriklərə görə dərin minnətdarlığını bildirən Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olunmasını dövlət tərəfindən onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib. Ulu Öndərin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan Fikrət Qoca Ümummilli Liderlə görüşlərini məmnunluq hissi ilə xatırlayıb. Fikrət Qoca bu ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və bir daha göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, avqustun 25-də Fikrət Qocanın 85 yaşı tamam olur.

Xəbər lenti