“Eurovision”da Azərbaycan nümayəndə heyətinə o, rəhbərlik edəcək
“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib.
Sabah.az xəbər verir ki, bu dəfə nümayəndə heyəti müsabiqəyə İsa Məlikovun rəhbərliyi altında qatılacaq.
İsa Məlikov daha əvvəl “Eurovision 2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 3-cü yerdə qərarlaşan Aysel və Araşın müsabiqəyə hazırlıq mərhələsində iştirak edib. O, həmçinin 2012-ci ildə Danimarkanın “Eurovision” üçün seçim turunun və Qazaxıstanın “Eurovision 2020” uşaq mahnı müsabiqəsinin münsiflər heyətinin üzvü olub.
İ.Məlikov “Eurovision 2020”də Azərbaycan təmsilçisi Efendini müsabiqəyə hazırlaşdıran komandaya da rəhbərlik edib.
Qeyd edək ki, pandemiya səbəbi ilə təxirə salınan “Eurovision 2020” mahnı müsabiqəsində Azərbaycanı “Kleopatra” mahnısı ilə Efendi təmsil etməli idi. Təşkilatçıların təxirə saldığı beynəlxalq mahnı müsabiqəsinin gələn ilki turunda, yəni “Eurovision 2021” mahnı şousunda Azərbaycanı təmsil etmək üçün Efendi səhnəyə çıxacaq.
Daha çox