Arif Məlikovun ikinci abidəsi bu ərazidə ucaldılacaq

MƏDƏNİYYƏT
23:46
4 İyun 2020
68

Xalq artisti Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub.

Sabah.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə abidənin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov məlumat verib. O bildirib ki, abidənin ucaldılacağı məkan artıq qərarlaşdırılıb:

“Arif Məlikovun birinci abidəsi Fəxri xiyabanda ucaldılıb. İkinci abidənin isə Milli Konservatoriyanın bağında ucaldılması planlaşdırılır. Yaxında abidənin layihəsini hazırlamağa başlayacağam. Abidə postamentlə birlikdə altı metrə yaxın olacaq. Arif Məlikovun abidəsini mərmərdən hazırlayacağam, digər abidəsindən fərqli, daha orijinal olması üçün çalışacağam. Abidənin bir il müddətinə hazırlanıb təhvil verilməsini planlaşdırırıq”.

Ö.Eldarov həm də Müslüm Maqomayevin Dənizkənarı Milli Park ərazisində ucaldılacaq heykəli ilə bağlı işlərin gedişatından da danışıb:

“Biz artıq heykəlin hazırlanmasına başlamışıq. Müslüm Maqomayevin abidəsi isə təxminən il yarımdan sonra təhvil verilə bilər”.

Xəbər lenti