Azər Paşa Nemətovun səlahiyyətlərini o icra edəcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarının icrası Əməkdar mədəniyyət işçisi İlham Əsgərova həvalə olunub.
Sabah.az xəbər verir ki, bu barədə teatrın Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İ.Əsgərov 2018-ci ildən teatrın yaradıcı işlər üzrə direktor müavinidir.
O, indiyədək bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan “Arşın mal alan” tamaşasının bədii tərtibatını hazırlayıb. İ.Əsgərov J.Koktonun “İnsan səsi” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarının quruluşçu rejissorudur.
2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında ürəktutmadan vəfat edib. Onun yerinə hələ ki, təyinat yoxdur.
Daha çox