Azərbaycanda Novruz bayramıdır
Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.
Sabah.az xəbər verir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur.
Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsiə Yaz fəsli daxil olur.
Novruz bayramı ilə əlaqədar 20-29 mart tarixləri ölkədə qeyri-iş günüdür.
Daha çox