Bu gün İlaxır çərşənbədir

MƏDƏNİYYƏT
00:05
17 Mart 2020
111

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.

Sabah.az xəbər verir ki, bu çərşənbə el arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır. İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. İlaxır çərşənbədə hamı 7 dəfə - ya 1 tonqalın üstündən 7 dəfə və yaxud da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanmalıdır. Tonqalın üzərindən tullanarkən bu sözlər deyilməlidir:

“Sarılığım sənə, qırmızılığın mənə”, yaxud da “Ağırlığım odda yansın”. Tonqal su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra isə cavan qız və oğlanlar tonqalın külünü yığıb, evdən kənar yerə atırlar. İnanca görə, bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Torpaq çərşənbəsində bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılaya bilərsən. İlaxır çərşənbə axşamı qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdən də, axır çərşənbə axşamı ancaq yaxşı sözlər danışılması adət hesab olunur.
 
Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsiə Yaz fəsli daxil olur.

2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

Xəbər lenti