Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi - Video
Xocalı soyqırımına həsr olunan "13” adlı qısametrajlı filmi təqdim edilib.
Sabah.az xəbər verir ki, ekran işi Xocalıda ailəsi öldürülən və özü isə təcavüzə məruz qalan qızın həyatından bəhs edir.
Gənclər Fondunun dəstəyi, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin və "Azxeber Media”nın birgə təşkilatçılığı ilə ərsəyə gətirilən film qadın zorakılığını və erməni vəhşiliyini bütün çılpaqlığı ilə ortaya qoyur.
Ekran əsərində 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalıda baş verənlər 13 yaşını qeyd edən Mənsumənin dilindən ifadə olunur. Ailəsi ermənilər tərəfində qətlə yetirilən qəhrəmanın 29 illik ağrıları və bu ağrılarından doğan, günümüzə qədər yaşadığı izdirablı həyatı filmdə canlandırılıb.
Ekran işinin sonunda isə Məsumənin müharibədə iştirak edən qardaşı ona qələbə xəbərini çatdırır. Filmin ideya müəllifləri jurnalistlər - Hacıbəy Heydərli və Əfsələddin Ağalarovdur.
Yazıçı Türkan Turanın hekayəsi əsasında ssenariləşdirilən və gənc rejissor Rüfət Hüseynovun ekranlaşdırdığı "13” filmində aktrisa Şəhla Məmmədova, Yelena Sidrenko-Eyvazlı, aktyor İlqar Musayev və başqaları rol alıb. Filmdə "Sarı Gəlin” musiqisi fərqli aranjmanda müğənni Çinarə Məlikzadənin ifasında tamaşaçılara təqdim edilib.
Qeyd edək ki, "13” filminin rus və ingilis dillərində olan tərcümələri yaxın günlərdə xarici auditoriya üçün təqdim ediləcək.
Daha çox