Bu gün Od çərşənbəsidir

MƏDƏNİYYƏT
00:16
3 Mart 2020
192

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
 
Sabah.az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.

Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.
 
Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəşin istisini arzulayanlar babalarımız böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.

Azərbaycanda martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsiə Yaz fəsli daxil olur.

2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

Xəbər lenti