Rza Diqqəti Qubadlıdakı məsciddən yeni fotolar paylaşdı

MƏDƏNİYYƏT
10:26
7 Noyabr 2020
211

Azərbaycan əsilli fransız fotoqraf, “National Geografic” jurnalının tanınmış fotojurnalisti Rza Diqqəti (Reza Deghati) oktyabrın 25-də erməni işğalından azad edilən Qubadlı rayonuna səfər edib.

Sabah.az xəbər verir ki, öz İnstaqram hesabında rayonun Məmər kəndindəki 18-ci əsrə aid məsciddən fotolar paylaşıb. O, “Donuz tövləsinə döndərilmiş məscid” başlığı ilə paylaşdığı fotolara bu şərhi verib:

“Azərbaycan dünyəvi ölkədir. Burada müsəlmanlar, xristianlar, yəhudilər, zərdüştilər və bir çox başqa dinlər və inanclar sülh içində yaşayır. Azərbaycan qadınları Fransadan 20 ildən çox əvvəl səsvermə hüququ qazanıblar. Mən bu enerjini ölkə üzrə səyahət edərkən dəfələrlə müşahidə etmişəm.

Mən məscidə girdim, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxu ağır idi. Mən heyvanlara su verilən iki kasa gördüm. Əsgərlər mənə dedilər ki, onlar məscidi açanda ora donuzlarla dolu idi. Bu dini məkan uzun illər erməni işğalçıları tərəfindən donuzxana kimi istifadə edilib.

Müharibə və işğal şəraitində insanlar çox vaxt hörmət və ləyaqət hissini itirirlər. Ümid edək ki, sülh yarananda Qarabağ mənim dünyəvi Azərbaycan ətrafında hiss etdiyim eyni ab-hava ilə yaşayacaq”.

Qeyd edək ki, ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında sözügedən məsciddən görüntü paylaşaraq bunları yazmışdı: “Azərbaycanın azad edilmiş Məmər kəndindəki 18-ci əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Ermənistan tərəfindən Qubadlı rayonunun Məmər kəndinin işğalı zamanı XVIII əsrin dini və mədəni abidəsi vandalizmlə yanaşı, təhqir əlaməti olaraq donuz otağına da çevrilib. Biz YUNESKO, İSESKO və İslam Əməkdaşlıq Təşkilatını tədbir görməyə, bu vəhşi hərəkətləri ciddi şəkildə pisləməyə çağırırıq”.

Xəbər lenti