Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi

XƏBƏR
19:01
29 Oktyabr 2020
127

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.

Sabah.az xəbər verir ki, komissiyadan verilən məlumata görə, Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.

Qeyd edək ki, oktyabrın 29-da Azərbaycan Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.

Humanitar proses zamanı insident baş verməyib.

Xəbər lenti