"Bilirəm ki, Tramp şəxsən prosesdə iştirak edir" - İlham Əliyev
Prezident İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sabah.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Sizi görməyə çox şadıq.
Kurt Donnelli: Biz də Sizi görməyə şadıq.
İlham Əliyev: Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirakınıza görə sizə təşəkkür edirəm. Bu, həqiqətən də yaxşı ənənəyə çevrilib. Biz hər il nəticələri nəzərdən keçirir və gələcək işləri planlaşdırırıq. Biz artıq yekun mərhələyə yaxınlaşan Cənub Qaz Dəhlizi layihəsinin ildən-ilə çox mühüm icrasını müşahidə edirik. Ümidvaram ki, bu ilin sonunadək bütün işlər tam yekunlaşacaq. Bildiyiniz kimi, biz layihənin açılışını mərhələli şəkildə etmişik. 2018-ci ildə Bakıda təntənəli mərasim təşkil etdik və Cənub Qaz Dəhlizinin istismara verildiyini rəsmi olaraq elan etdik. Sonra əlbəttə ki, TANAP-la bağlı çox mühüm tədbir oldu. Ötən ilin noyabrında TANAP artıq Avropa sərhədinə çatdı. Bu, bizə “Şahdəniz” və digər qaz yataqlarından daha çox təbii qaz ixrac etməyə imkan verəcək. Çünki bizim planımız fəaliyyətimizi genişləndirmək və hələ ki, kəşfiyyat mərhələsində və ya yekun hazırlıq mərhələsində olan digər yataqlardan hasilat səviyyəsini artırmaqdır.
Beləliklə, bütün işlər qrafikə uyğun gedir. Mən bu mühüm layihənin icrasında göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir. Onun fəal təmasları və iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu. Hazırda biz heç bir başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam edəcək, çünki ABŞ hökuməti bizim istər neft və qaz kəmərləri, istərsə də enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman çox dəstəkləyib. Bir daha xoş gəlmisiniz.
Görüşdə son dövrlərdə Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Daha çox