Hərbi xidmətə çağırılanlardan koronavirus testi götürülür

XƏBƏR
10:25
23 Oktyabr 2020
51

Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi məqsədilə yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsində monitorinq keçirib.

Sabah.az xəbər verir ki, işçi qrupunun üzvü Nailə Daşdəmirova bildirib ki, hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır. Məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) saat 08:00-dan saat 20:00-dək fəaliyyət göstərir. İş yükünün artması səbəbindən məntəqələrə əlavə tibb işçiləri cəlb olunub: “Sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub. Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunur, nəticədən asılı olaraq müvafiq tədbirlər görülür”.

Nailə Daşdəmirova bildirib ki, oktyabr ayının 11-də başlayan 3-cü monitorinq 21 oktyabrda yekunlaşıb. İşçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərliklərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib.

O bildirib ki, 814 Çağrı Mərkəzi və poliklinikalara daxil olan müraciətlər dəyərləndirilməli sahə həkimlərinə yönəldilməlidir: “Sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən etməli, test ev şəraitində götürülməli, qısa müddətdə cavablandırılmalı, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatları xəstəyə çatdırılmalı, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlanılmalı və vəziyyəti haqda qeydlər tibbi kartlara daxil edilməlidir. Müraciət edən şəxslərin xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda dərhal onların son zaman təmasda olduqları ailə üzvlərinin müəyyən olunması həyata keçirilir. Bundan sonra koronavirusa yoluxmuş şəxslərin yaxınlarından ev şəraitində testlər götürülür və onlar müvafiq qaydada izolyasiya edilir”.

Xəbər lenti