“Özünü lap düşük kimi aparan Ermənistan rəhbərliyi gecə-gündüz zəng edir”

ÖLKƏ
16:53
20 Oktyabr 2020
52

“Status-kvonu biz dəyişdirdik, döyüş meydanında dəyişdik”.

Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı təəssüflə qeyd edib ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir: “Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. İyirmi il biz gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Çünki siyasi iradə göstərilmədi. Bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi və mənfur düşmən hesab etdi ki, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.

Mən görürdüm bəzi hallarda, bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər deyirdilər ki, beynəlxalq sənədlər önəmlidir, amma münaqişəni həll etmir. Mən onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək.

Artıq bu gün özünü lap dilənçi, lap düşük kimi - bağışlayın ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər – aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir ki, niyə səsinizi çıxarmırsız. Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik. Bizim belə planlarımız yoxdur. Baxmayaraq ki, Gəncəni onlar Ermənistan ərazisindən bombalamışdılar iki dəfə. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik və mən bildirmişdim ki, biz onların intiqamını, şəhidlərimizin qisasını döyüş meydanında alacağıq və alırıq. Bax beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və buna biz nail ola bildik”.

Xəbər lenti