“Bizim muzdlulara ehtiyacımız yoxdur” - İlham Əliyev
Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfində muzdluların iştirakı barədə iddiaları qəti şəkildə rədd edib.
Sabah.az xəbər verir ki, Azərbaycan Prezidenti aparıcının bununla bağlı sualını cavablandırarkən belə informasiya tullantılarına görə heyrətləndiyini bildirib. “Fransa Prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur.
Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var”, - deyə dövlət başçısı vurğulayıb.
Fəal döyüş əməliyyatlarının keçirildiyi on gün ərzində muzdluların iştirakına dair Azərbaycan tərəfinə heç bir sübut təqdim edilmədiyini bildirən Prezident İlham Əliyev deyib:
“Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy sübutlar təqdim etsinlər. Bu gün fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib”.
Daha çox