Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması davam edir

XƏBƏR
14:53
5 Oktyabr 2020
288

Azərbaycan vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir. 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, yaşı 35-dək olan və möhlət hüququ olmayan vətəndaşlarımız Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə yola salınırlar.

Sabah.az Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, çağırışçılar hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, əcdadlarımızın keçdiyi şərəfli yolu inamla davam etdirəcəklərini,  Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər.

Bir daha xatırladaq ki, gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!”

Xəbər lenti