“Bu günlərdə bizə dəstək olanları unutmayacağıq” - Prezident

ÖLKƏ
17:15
30 Sentyabr 2020
125

“Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq”.

Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 27-dən başlayan hərbi təxribat zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə deyib.

Ali Baş Komandan qeyd edib ki,  Azərbaycan dünyada güclü mövqelərə malikdir:

“Son illər ərzində biz beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı olduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, biz haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə minnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir. Tarixi tərəfinə gəldikdə isə, tarixi həqiqət bizim tərəfimizdədir. Hər kəs internetə girib oxuya bilər. Qarabağ xanlığının tarixi ilə əlaqədar materiallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxil edilməsi ilə əlaqədar məlumatlar var.

Kürəkçay sülh müqaviləsi haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən bağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, - müqavilədə belə də yazılmışdır, - şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digər tərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər və sonra bizə qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamilə haqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik”.

Xəbər lenti