Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdlərinə etiraz olaraq bəyanat verib.
Sabah.az həmin bəyanatı təqdim edir:
“27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistanın növbəti dəfə mülki əhalini qəsdən hədəfə alması beynəlxalq hüquq normalarının, o cümlədən, beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının müvafiq müddəalarının kobud surətdə pozulmasıdır.
BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dayandırılmalıdır.
Beynəlxalq təşkilatları, dünya ictimaiyyətini respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə - zəruri qətiyyətli addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırıram”.
Daha çox