İşsizlikdən sığorta ödənişi hansı hallarda təyin olunur?

ÖLKƏ
11:55
26 Sentyabr 2020
72

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib.

Sabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bundan sonra işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.

İşsizlikdən sığorta ödənişi üçün necə müraciət edilməlidir?

Bunun üçün ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq  bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.

İşsizlikdən sığorta ödənişi hansı hallarda təyin edilir?

- dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda,

- əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər – işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda.

İşsizlikdən sığorta ödənişi necə hesablanır?

- dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində,

- əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - minimum aylıq əmək haqqı məbləğində 3 ay müddətində ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Qanuna edilimiş yeni dəyişikliyə əsasən işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq,  avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.

Xəbər lenti

12:59 24 Oktyabr 2020
08:15 24 Oktyabr 2020
13:04 23 Oktyabr 2020
19:57 22 Oktyabr 2020