Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı
Penitensiar Xidmət Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı məlumat yayıb.
Sabah.az həmin məlumatı təqdim edir:
“Mətbuatda məlumat verildiyi kimi, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina etmiş, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb.
Eyni zamanda, xahişi ilə şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilib, A.Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya – "City Hospital"a köçürülməsini xahiş edib.
Bununla əlaqədar T.Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq, o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.
17.09.2020-ci il tarixdə T.Yaqublu "City Hospital"da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunmuş və vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyən edilib.
Hazırda T.Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.
T.Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apellyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək T.Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib”.
Daha çox