Prokurorluqdan liftin şaxtasına yıxılıb ölən şəxslə bağlı açıqlama

XƏBƏR
10:25
18 Sentyabr 2020
62

Prokurorluq bina tikintisi zamanı liftin şaxtasına yıxılıb ölən şəxslə bağlı açıqlama verib.

Sabah.az xəbər verir ki, Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, mayın 19-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “ŞA İnşaatçı” MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində lift şaxtasında lift quraşdırma işlərini görən Abbas Sultanov lift çalovuna yıxılaraq xəsarət alıb və aldığı xəsarətdən ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla “ŞA- Inşaatçı” MTK ilə bağlanmış müqaviləyə əsasən inşa olunan həmin binalarda liftlərin tam quraşdırılması, tənzimlənməsi, işə buraxılması, təhvil verilməsi işlərinin görülməsini “Real Lift Quraşdırma” MMC-də briqadir-elektromexanik işləyən Üzeyir Qarayev öz üzərinə götürüb.

O, texniki təhlükəsizlik və  əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tabeliyində olan işçiləri təhlükəsizlik texnikası qaydaları və əməyin mühafizəsi qaydaları üzrə təlimatlandırmalı, eləcə də, bu təlimatların yerinə yetirilməsinə, mühafizə vasitələrindən istifadəsinə, həmin işçilərin işə davamiyyətinə, işlərin keyfiyyətlə görülməsi ardıcıllığına nəzarət etməli olub.

Lakin Ü.Qarayev qeyd edilən binanın lift kabinasının döşəməsinin təhlükəsizlik cihazlarla təmin olunmasını, kənarlarının çəpərlənməsini, eləcə də, yüksəklikdən yıxılmasının qarşısının alınması üçün işçilərin təhlükəsizlik kəmərindən və dəbilqədən istifadə edilməsini təmin etməyərək cinayətkarcasına etinasızlıq edib.

Onun əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməməsi nəticəsində Abbas Sultanovun ehtiyatsızlıqdan ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Üzeyir Qarayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti