Bu halda ekspres avtobusların fəaliyyəti dayandırılacaq
“Metroda sərnişindaşımaların bərpa olunmasına baxmayaraq, əvvəlcədən də bildirdiyimiz kimi ekspres xətlər üzrə avtobuslarla daşımalar davam etdirilir. Bu qərar həm mövcud epidemioloji vəziyyət, həm də sərnişinlərimizdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq verilib. Hazırda isə bu xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı tələbata uyğun olaraq tənzimlənir”.
Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı açıqlamada qeyd olunub. Eyni zamanda bildirilib ki, ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək. Sərnişin axınında azalma müşahidə olunarsa bu xətlərin fəaliyyəti dayandırılacaq.
“Xatırladaq ki, 9 may tarixində metronun fəaliyyətə başlaması ilə ekspres xətlərə tələbat tədricən 84 %-dək azaldı. Həmin vaxt ekspres xətlərin fəaliyyətinin dayandırılmasından sonra qısa vaxtda ən çox şikayət olunan 3 xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olundu. Metronun fəaliyyətinin məhdudlaşdırılması, bildiyiniz kimi, ekspres xətlərin bərpası zərurətini ortaya çıxardı və marşrut xətlərinin yenilənməsi prosesi müvəqqəti olaraq dayandırıldı. Lakin artıq bu istiqamətdə işlər qaldığı nöqtədən davam edəcək. Tədricən ekspres xətlərdən çıxarılacaq avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.
Metronun fəaliyyət göstərmədiyi 6 iyul-11 sentyabr tarixlərində bildiyiniz kimi sərnişindaşımaları yalnız avtobuslarla icra olunurdu. Ötən 72 gündə müntəzəm və ekspres xətlər üzrə ümumilikdə 72.500.000-dən artıq sərnişin səfər sayı qeydə alınıb. Təkcə ekspres xətlər üzrə qeydə alınan sərnişin səfər sayı 3.946.209 . Avqust ayında tətbiq olunan yumşaldılmalarla gündəlik sərnişin səfər sayında ciddi artımlar müşahidə olunurdu. Ən maksimal göstərici isə 11 sentyabr tarixində qeydə alındı 2.081.661 sərnişin səfər sayı. Ötən 72 gündə digər bir maksimal göstərici gündəlik xəttə çıxan avtobusların sayı ilə bağlı oldu. Son 10 gündə xəttə gündəlik 2260 avtobus çıxarılırdı. Bütün avtobus parkı tam gücü ilə daşımalara cəlb olunmuşdu. Daşımaların təşkilində Bakı Nəqliyyat Agentliyinin 150 nəfərdən artıq əməkdaşı iştirak edirdi. Ən vacib məsələ daşımaların təhlükəsizliyi ilə bağlı idi. Vaxtında görülən işlərin nəticəsidir ki, ötən müddətdə sərnişinlərimizin ciddi xəsarət alması ilə nəticələnən hər hansı bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb”, - deyə məlumatda vurğulanıb.
Daha çox